.81.
ət-Təkvir (Sarınma) surəsi
(Məkkədə nazil olmuşdur, 29 ayədir)
Bismillahir–rəhmanir-rəhim!
Fulserver.Ru
ət-Təkvir (Sarınma) surəsi
(Məkkədə nazil olmuşdur, 29 ayədir)
Bismillahir–rəhmanir-rəhim!
- Günəş (əmmamə kimi) sarınıb büküləcəyi (sönəcəyi) zaman;
- Ulduzlar (göydən qopub yağış dənələri kimi yerə) səpələnəcəyi zaman;
- Dağlar yerindən qopardılacağı (toz kimi havada uçacağı) zaman;
- (Bədəvi ərəblərin çox əziz tutduğu) boğaz dəvələr başlı-başına buraxılacağı zaman;
- Vəhşi heyvanlar (bir-birindən qisas almaq üçün) bir yerə toplanacağı zaman;
- Dənizlər od tutub yanacağı (və ya dolub daşacağı) zaman;
- Ruhlar (bədənlərə) qovuşacağı zaman;
- Diri-diri torpağa gömülən körpə qızdan:
- “Axı o hansı günaha görə öldürüldü?” soruşulacağı zaman;
- Əməl dəftərləri açılacağı zaman;
- Göy (yerindən) qopardılacağı (və ya büküləcəyi) zaman;
- Cəhənnəm alovlandırılacağı zaman;
- Və Cənnət (möminlərə) yaxınlaşdırılacağı zaman;
- Hər kəs (dünyada bugünkü günə özü üçün yaxşı, pis) nə hazır etdiyini biləcəkdir!
- And içirəm (gecə) yanıb (gündüz) sönən ulduzlara;
- (Günəşlə, ayla) seyr edib (onlar batdığı zaman) gizlənən səyyarələrə (Zühələ, Müştəriyə, Mərrixə, Zöhrəyə və Ütaridə);
- Qaralmaqda olan gecəyə (yaxud: qaralmaqda və çəkilməkdə olan gecəyə)
- Və sökülməkdə olan dan yerinə ki,
- Bu (Quran Allah dərgahında) çox möhtərəm olan bir elçinin (Cəbrailin) gətirdiyi kəlamdır.
- (Elə bir elçi ki) çox qüvvətlidir; ərşin sahibi (Allah) yanında çox hörmətlidir (izzətlidir).
- (Elə bir elçi ki, mələklər arasında) itaət ediləndir, həm də (Allah yanında vəhyə) etibarlı müvəkkildir.
- (Ey Məkkə əhli!) Həqiqətən, sizin dostunuz (müşriklərin dediyi kimi) divanə deyildir!
- And olsun ki, (Peyğəmbər!) onu (Cəbraili) açıq (ən uca) üfüqdə gördü.
- O, qeyb (vəhyi olduğu kimi təbliğ etmək və sizə öyrətmək) barəsində xəsis deyildir.
- O (Quran) da məlun (Allahın rəhmətindən qovulmuş) Şeytanın sözü deyildir.
- Elə isə (siz ondan üz döndərib) hara gedirsiniz?
- O, aləmlər (bütün insanlar və cinlər) üçün ancaq bir öyüd-nəsihətdir.
- Eləcə də sizdən doğru-düz (yolda) olmaq istəyənlər üçün.
- (Onu da bilin ki) aləmlərin Rəbbi olan Allah istəməsə, siz (bunu) istəyə bilməzsiniz! (Yalnız Allah istəsə, istəyə bilərsiniz. Siz insanlar həmişə Allahın qüdrəti, hökmü və iradəsi altındasınız. O sizi bir şeyi istəməyincə siz onu özünüzə istəyə bilməzsiniz. Ona görə də hər işdə Allaha təvəkkül edin!)
Fulserver.Ru