.75.
əl-Qiyamə (Qiyamət) surəsi
(Məkkədə nazil olmuşdur, 40 ayədir)
Bismillahir–rəhmanir-rəhim!
Fulserver.Ru
əl-Qiyamə (Qiyamət) surəsi
(Məkkədə nazil olmuşdur, 40 ayədir)
Bismillahir–rəhmanir-rəhim!
- And içirəm qiyamət gününə;
- And içirəm (günah etdiyi üçün, yaxud yaxşı əməli azdır deyə) özünü qınayan nəfsə! (Siz öləndən sonra mütləq diriləcəksiniz!)
- Məgər insan elə güman edir ki, (qiyamət günü) onun sümüklərini bir yerə yığa bilməyəcəyik?!
- Bəli, Biz onun barmaqlarını da (barmaq sümüklərini də, barmaqlarının uclarını da) düzəltməyə qadirik!
- Lakin insan (bundan sonra da) önündəkini (qiyaməti) danmaq (pis işlər görmək) istəyər.
- Və (istehza ilə): “Qiyamət günü nə vaxt olacaqdır?” – deyə soruşar.
- Göz (heyrətdən) bərələcəyi;
- Ay tutulacağı;
- Günəşlə ay birləşəcəyi (hər ikisinin qərbdən çıxacağı, nurunun gedəcəyi) zaman -
- Məhz o gün insan: “Qaçıb can qurtarmağa yer haradadır?” – deyəcəkdir.
- Xeyr, (o gün) heç bir sığınacaq olmayacaqdır!
- O gün (ey insan!) duracaq (pənah aparılacaq) yer ancaq Rəbbinin hüzurudur!
- O gün insana öncə etdiyi və sonraya qoyduğu nə varsa (sağlığında dünyada gördüyü işlər və öləndən sonra qoyub getdiyi yaxşı, pis nə varsa, hamısı) xəbər veriləcəkdir!
- Doğrusu, insan özü-özünə şahiddir!
- O, hər cür üzrxahlıq etsə də, (qəbul olunmaz)!
- (Ya Peyğəmbər! Cəbrail sənə Quran oxuduğu zaman) onu tələm-tələsik əzbərləmək üçün dilini tərpətmə! (Sən də onunla birlikdə Quranı təkrar etmə, yalnız dinlə!)
- Çünki onu (sənin qəlbində) cəm etmək, (dilində) oxutmaq Bizə aiddir.
- Biz onu (Cəbrailin dili ilə) oxutduğumuz zaman oxunmasını diqqətlə dinlə.
- Sonra onu (sənə) bəyan etmək də Bizə aiddir!
- Xeyr, xeyr! Siz tez keçib gedəni (fani dünyanı) sevirsiniz.
- Axirəti isə tərk edirsiniz.
- O gün neçə-neçə üzlər sevinib güləcək,
- Öz Rəbbinə baxacaqdır!
- O gün neçə-neçə üzlər tutulub qaralacaq,
- (Sahiblərinin) bel sümüklərinin (dəhşətli bir əzabla) qırılacağını anlayacaqdır!
- Xeyr, (can) boğaza (körpücük sümüklərinə) gəlib yetişəcəyi,
- “(Onu bu bəladan) kim xilas edə bilər?” – deyiləcəyi,
- (Can üstə olan kimsə) ayrılıq dəminin gəlib çatdığını anlayacağı,
- Və (ölüm qorxusundan) qıçı-qıçına dolaşacağı zaman,
- Aparılacağı yer Rəbbinin hüzuru olacaqdır (ey insan)!
- Beləliklə, o (kafir Əbu Cəhl) nə (Quranı) təsdiq etdi, nə də namaz qıldı.
- Amma (Allah kəlamını) yalan saydı, (ondan) üz döndərdi.
- Sonra da özünü darta-darta ailəsinin yanına getdi.
- Vay sənin halına, vay!
- Yenə də vay sənin halına, vay!
- Məgər insan elə güman edir ki, o, başlı-başına (cəzasız) buraxılacaq?!
- Məgər o tökülən bir qətrə nütfə deyildimi?!
- Sonra laxtalanmış qan oldu və (Allah) onu yaradıb surət verdi (insan şəklinə saldı).
- Sonra da ondan biri kişi, biri qadın olmaqla iki cift (həmtay) yaratdı.
- Elə isə O Allah ölüləri diriltməyə qadir deyildirmi?!
Fulserver.Ru