.63.
əl-Munafiqun (Münafiqlər) surəsi
(Mədinədə nazil olmuşdur, 11 ayədir)
Bismillahir–rəhmanir-rəhim!
Fulserver.Ru
əl-Munafiqun (Münafiqlər) surəsi
(Mədinədə nazil olmuşdur, 11 ayədir)
Bismillahir–rəhmanir-rəhim!
- (Ya Peyğəmbər!) Münafiqlər (riyakarlar) sənin yanına gəldikləri zaman: “Biz sənin, doğrudan da, Allahın Peyğəmbəri olduğuna şəhadət veririk! – deyirlər. Allah sənin Onun həqiqi Peyğəmbər olduğunu bilir. Allah həm də münafiqlərin xalis yalançı olduqlarına şəhadət verir.
- Onlar (yalan) andlarını özlərində sipər edib (xalqı) Allah yolundan döndərirlər. Həqiqətən, onların törətdikləri əməllər necə də pisdir!
- Bunun səbəbi odur ki, onlar (dildə) iman gətirdilər, sonra isə (ürəklərində gizli) kafir oldular. Buna görə də onların ürəklərinə möhür vurulmuş, özləri isə anlamaz kimsələr olmuşlar.
- (Ya Peyğəmbər!) Sən onları gördükdə cüssələri (boy-buxunları, gözəllikləri) xoşuna gəlir, danışanda sözlərinə qulaq asırsan. Onlar, sanki (divara) söykədilmiş dirəklərdir (ruhsuz bədən, müqəvva kimidirlər). Onlar (ikiüzlülüklərinin Peyğəmbərə və möminlərə əyan olacağından qorxub) hər bir qışqırığın (səs-küyün) öz əleyhlərinə olduğunu zənn edirlər. Onlar düşməndirlər, sən onlardan həzər et! Allah onları öldürsün, necə də haqdan döndərilirlər!
- Onlara: “Gəlin Allahın Peyğəmbəri (Rəbbinizdən) sizin bağışlanmağınızı diləsin!” –deyildiyi zaman (istehza ilə) başlarını bulayar və sən (Ya Rəsulum!) onların təkəbbürlə üz çevirdiklərini görərsən.
- Sən onların bağışlanmasını diləsən də, diləməsən də, fərqi yoxdur. Onsuz da Allah onları bağışlamayacaqdır. Şübhəsiz ki, Allah fasiq qövmü doğru yola yönəltməz!
- Onlar: “Allahın Peyğəmbəri yanında olanlara bir şey verməyin ki, dağılıb getsinlər!” – deyən kimsələrdir. Halbuki göylərin və yerin xəzinələri Allaha məxsusdur, lakin münafiqlər (bunu) anlamazlar.
- Onlar: “Əgər biz (Bəni Müstəliq vuruşunda) Mədinəyə qayıtsaq, ən güclülər (ən şərəflilər – münafiqlər) ən zəifləri (ən həqirləri – Peyğəmbəri və ona iman gətirənləri), əlbəttə, oradan çıxardacaqlar!” – deyirlər. Halbuki şərəf-şan da, (qüvvət və qələbə də) yalnız Allaha, Onun Peyğəmbərinə və möminlərə məxsusdur, lakin münafiqlər (bunu) bilməzlər!
- Ey iman gətirənlər! Nə mal-dövlətiniz, nə də oğul-uşağınız sizi Allahın zikrindən yayındırmasın! Hər kəs bunu etsə (Allahı yada salmasa), belələri əsl ziyana uğrayanlardır.
- Birinizin ölümü çatıb: “Ey Rəbbim! Mənə bir az möhlət versəydin, sədəqə verib salehlərdən olardım! – deməmişdən əvvəl sizə verdiyim ruzidən (Allah yolunda) xərcləyin.
- Və (bilin ki) Allah əcəli çatan heç kəsə möhlət verməz. Allah sizin nə etdiklərinizdən xəbərdardır!
Fulserver.Ru